Layihələr

"Sosial Rifah" Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin Layihələri

Layihələr

Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiya edilməsi istiqamətində tədbirlərin təşkili.

Əcnəbilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasını sürətləndirəcək agahlıq kampaniyasının keçirilməsi layihənin əsas mahiyyətini təşkil edir. Layihə çərçivəsində əsas diqqət əcnəbilərin hərtərəfli maraqlarının təmin olunmasına xidmət etmiş məsləhətlərin verilməsinə və zəruri dəstəyin göstərilməsinə yetirilmişdir. Layihənin icra müddəti: 01 avqust 2019-cu il – 30 noyabr 2019-cu il.

Məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması.

Layihə Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqlardan didərgin düşmüş məcburi köçkünlərin məşğulluq imkanlarının artırılmasından və bu sahədə həyata keçirilən dövlət siyasətinə töhfə verməkdən bəhs edirdi. Layihə çərçivəsində məcburi köçkünlərin məşğulluğunu özündə ehtiva edən ümumi vəziyyətə dair lokal qiymətləndirilmə aparılmış, həmin kateqoriyadan olan şəxslərdən ibarət fokus qruplarla və maraqlı tərəflərlə müzakirələr keçirilmiş, toplanılmış materiallar əsasında məcburi köçkünlərin məşğulluq vəziyyəti və imkanları öyrənilmiş, müxtəlif peşə istiqamətləri üzrə kurslar təşkil olunmuşdur. Layihənin icra müddəti: 03 fevral 2019-cu il – 30 sentyabr 2020-ci il.

Pandemiya şəraitində məcburi köçkünlər arasında ərzaq paylanışı.

Layihə pandemiyadan əziyyət çəkən şəxslərə ərzaq yardımının göstərilməsi və bununla da həmin kateqoriyadan olan insanların sosial rifahının bir qədər yaxşılaşdırılması ilə əlaqədar idi. Bu kateqoriyadan olan 170 ailə və həmin ailələrə daxil olan 600 nəfər məcburi köçkün bu və ya digər formada onlara göstərilən ərzaq yardımından bəhrələnə bilmişdilər. Layihənin icra müddəti: 01 iyul 2020-ci il – 31 avqust 2020-ci il

Böyük Qayıdış proqramına cəlb ediləcək məcburi köçkün qadınlarının vətəndaş təşəbbüslərinin artırılması.

Layihənin ideyası 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılması məqsədilə həyata keçirilən “Böyük qayıdış” proqramı çərçivəsində Qarabağa köçürüləcək ailələrdən olan məcburi köçkün qadın və gənc qızların sosial fəallığının artırılması və bu yolla həmin müstəvidə həyata keçirilən dövlət siyasətinə töhfə verməklə bağlı olmuşdur. Layihənin hədəf qrupları olan məcburi köçkün qadınlarının gündəlik həyatda üzləşdikləri sosial məsələləri özündə ehtiva edən vəziyyəti ilə bağlı qiymətləndirilmə aparılmış, əldə olunmuş nəticələr əsasında məcburi köçkün qadınlarının sosial maraqlarına cavab verən maarifləndirici tədbirlər keçirilmişdir. Layihənin icra müddəti: 01 fevral 2022-ci il – 01 may 2022-ci il

İşğaldan azad olunmuş ərazilərdə qadın icmalarının inkişafına dəstəyin göstərilməsi.

Layihənin ideyası 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılması məqsədilə həyata keçirilən “Böyük qayıdış” proqramı çərçivəsində Qarabağa köçürüləcək keçmiş məcburi köçkün ailələrindən olan qadın və gənc qızların təmsil olunduqları yerli icmaların inkişafında fəal iştiraklarına dəstəyin göstərilməsi ilə əlaqədar idi. Layihənin hədəf qrupları olan məcburi köçkün qadınlarının potensiallarının artırılması və bununla da onların təmsil olunduqları məcburi köçkün icmalarında gender balansının təmin olunması layihənin əsas hədəfləri idi.

Azərbaycanda məcburi köçkünlər və münaqişələrdən zərər çəkmiş şəxslər arasında gender bərabərliyinin təşviqi

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyəşdirilən “Sosial Rifah” qaçqın və məcburi köçkünlər İctimai Birliyi “Azərbaycanda məcburi köçkünlər və münaqişələrdən zərər çəkmiş şəxslər arasında gender bərabərliyinin təşviqi ” adlı layihəni həyata keçirir. arasında qadınların və kişilərin, qızların və oğlanların hüquqları ilə bağlı məlumatlılığı artıracaq və icmanın müsbət yöndə özünü idarə etmə mexanizmlərini gücləndirəcək, həmçinin məcburi köçkün qadın və qızların keyfiyyətli dövlət xidmətlərinə çıxışını asanlaşdıran icma səviyyəsində dəstək yanaşmalarını gücləndirəcək, informasiya, qərar qəbul etmə və onları dəstəkləmək üçün inklüziv iştirak imkanları yaradacaqdır. Layihənin icra müddəti: Layihənin icrası 01 fevral 2023-cü il tarixindən nəzərdə tutulub və 31 dekabr 2023-cü il tarixində başa çatacaqdır.

Reproduktiv sağlamlığın profilaktikası mövzusunda maarifləndirmə tədbirləri layihəsi

Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Məcburi köçkün məktəblərində reproduktiv sağlamlığın profilaktikası mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasına başlayıb.Gözlənilir ki, qeyd olunan tədbirlərdə iştirak edəcək məcburi köçkün məktəblilərinin reproduktiv sağlamlığın qorunması sahəsində bilikləri artırılacaq və məcburi köçkün məktəb və icmalarında sağlam reproduktiv davranış modelləri geniş şəkildə təlqin olunacaqdır. Bakı şəhərində fəaliyyət göstərən Ağdam, Füzuli, Laçın, Cəbrayıl və Kəlbəcər rayonlarının bir qrup məcburi köçkün məktəbləri və orada təhsil alan yuxarı sinif şagirdləri hazırkı layihənin hədəf qruplarını təşkil edirlər.

Layihələrdən Fotoşəkillər

× WhatsApp